Ceymi Karrager ÇL-in və Premyer Liqanın əsas favoritlərini açıqladı

“Liverpul”un və İngiltərə yığmasının sabiq müdafiəçisi Ceymi Karrager UEFA Çempionlar Liqasının favoritləri haqqında fikrini paylaşıb.

Arena.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Qalib “İnter”, “Bayern”, “Liverpul” və ya “Real” olacaq. Son bir neçə ildə siz “Real” və ya “Mançester Siti”nin qalibiyyət qazanacağına qoyuluş edirsiniz: “Mançester Siti”, çünki onlar Avropanın ən yaxşı komandası idilər və “Real”, çünki onlar yarış tarixinin ən yaxşı komandası idilər”, deyə Karrager fikrini əsaslandırıb.

Ceymi Karrager cari mövsümün sonunda İngiltərə Premyer Liqasının yarış cədvəlində ilk dördlüyün necə qərarlaşacağını da təxmin edib:

“Mən, “Liverpul”un “Arsenal”dan birinci yeri qoparacağını iddia edəndə başımla və ürəyimlə danışıram. Arne Slotun hücum seçimləri Premyer Liqada ən güclüsüdür. “Liverpul”la bağlı məni narahat edən yeganə xüsus əsas oyunçuların zədələridir. Bundan qaça bilsələr, onlara yetişmək çətin olacaq. “Çelsi” üçüncü, “Mançester Siti” isə fəsadlarına rəğmən, Çempionlar Liqasına vəsiqə verəcək sonuncu – dördüncü yeri tutacaq”.

Ceymi Karrager “Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorimə də dəstək olub:

“Ruben Amorimin yeni səhifədən başlanacaq çox işi olacaq. Onun daha çox vaxt və səbrə ehtiyacı olacaq, xüsusən də böyük müqavilələri olan zəif çıxış nümayiş etdirən oyunçuları klubdan kənarlaşdırmaq üçün. Hazırda “Mançester Yunayted”də baş verənlər gözlənildiyi kimidir – bir neçə yaxşı nəticə onlara nə üçün yeni çalışdırıcıya ehtiyac duyduqlarını xatırladır. 2025-ci ilin dekabrına qədər onlar daha yaxşı, daha sabit komanda olacaqlar, xüsusən də Amorimin tam mövsümöncəsi və fikirlərini həyata keçirmək üçün yeni oyunçuları olduqda”, deyə Karrager fikrini əsaslandırıb.