Ciddi hərəki fəsadlarla doğulmuşdu, Bundesliqada debüt etdi

“Darmştadt”ın anadangəlmə hərəki fəsadlarla doğulmuş qapıçısı Aleksander Brunst Almaniya Bundesliqasında debüt edib.

Arena.az “Pfosten raus” dərgisinə istinadən məlumat verir ki, Brunst Bundesliqanın 12-ci turu çərçivəsində “Frayburq”la oyunda (1:1) meydana çıxıb.

Aleksander ciddi hərəki fəsadlarla doğulub və bir müddət əllərini belə tutub saxlaya bilməyib. Uşaqlığı boyu oğlan kiçik və iri hərəki bacarıqları ilə bağlı fəsadlardan əziyyət çəkib, idmanla məşğuliyyəti isə müalicəvi səciyyə daşıyıb. Brunst əşyaları və ya topu tuta bilməyib, ona görə də hər şeyi sıfırdan öyrənməli olub.

Aleksanderin uşaqlığı həm də dörd yaşında su parkında sürüncəkdən yıxılıb hasardan bir metr aralıya düşərək, möcüzəvi şəkildə sağ qalması ilə çətinləşib. Bunun nəticəsində uşağın görmə qabiliyyəti də risk altında olub, amma sonra qorxunc heç nə baş verməyib.

Aleksander onurğa beyni zədələri, insultlar və ya bədbəxt hadisələrdən sonra fəaliyyəti bərpa etmək üçün tətbiq edilən əmək terapiyasında (erqoterapiya) 12 il keçirib. Brunst oxşar fəsadları olan uşaqlar üçün xüsusi sinifdə təhsil alıb və valideynləri yalnız uşağın gündəlik həyatda qalmasını, məişətə uyğunlaşmasını, həmçinin psixoloji cəhətdən çox əziyyət çəkməməsini təmin etməyi düşünüblər. Brunst futbola meyl edib və tədricən öz üzərində çalışaraq fiziki qüsurlarını ram etməyi bacarıb.

“Qadeland”dan “Darmştadt”a uzanan yol

Aleksander Brunst 2008-ci ilin iyulunda “Qadeland”ın yeniyetmələr komandasından “Hamburq”un futbol akademiyasına daxil olub, orada möhkəmlənib və bütün gənclər komandalarından keçib. Sonra 2015-ci ilin iyulunda “Volfsburq”un ikinci komandasına keçib. O, daha sonra 2017-ci ilin iyulunda “Maqdeburq”a keçərək, komandası ilə birlikdə Bundesliqa 2-yə yüksəlib. Ardınca Brunst 2020-ci ilin sentyabrında Danimarkanın “Veyle” komandasına keçib və 2022-ci ilin iyulunda Almaniyaya qayıdaraq azad agent qismində “Darmştadt”a qoşulub.

Artıq qeyd etdiyimiz kimi, cari mövsümdə Brunst “Darmştadt”ın heyətindən debüt edib və 90 dəqiqə meydanda olduğu oyunda 1 qol buraxıb.

Rəşadətli qapıçının futbol qənimətləri də var. Burnst 2015/2016 mövsümündə “Volfsburq”la Almaniya Şimal Regional Liqasının qalibi olub. 2017/2018 mövsümündə isə Aleksander “Maqdeburq”la Almaniya 3-cü Divizionunun çempionu və Saksoniya-Anhalt Kubokunun qalibi olub.

Aleksander Darmştadt Almaniyanın U-18, U-19, U-20 yığmalarına da çağırılıb, U-18, U-20-də müvafiq olaraq 3 və 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçı Aleksander Brunstu 200 min avro məbləğində qiymətləndirir.