Çimərlik güləşi: 3 güləşçimiz üçün dünya çempionluğu şansı

Azərbaycanı Türkiyədə keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində 3 idmançı təmsil edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində baş tutacaq yarışda Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaqlar.

Sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal baş tutacaq. Günün sonunda medallar uğrunda qarşılaşmalar reallaşacaq.

Qeyd edək ki, bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq. Yekun nəticədə hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.

Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə edib.

İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş ikinci mərhələdə isə yalnız İbrahim Yusubov (90 kq) bürünc medal qazanıb.

Dünya Seriyasının üçüncü mərhələsi iyunun 29-30-da Fransanın Sen-Loren-du-Var şəhərində baş tutub. Bütün rəqiblərinə qalib gələn İbrahim Yusubov (90 kq) çempion olubsa, Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) üçüncü yeri tutublar.

Sentyabrın 7-8-də Rumıniyanın Konstansa şəhərində baş tutan dördüncü mərhələdə isə İbrahim Yusubov qızıl, Ramiz Həsənov və Oyan Nəzəriani gümüş medal qazanıblar.