Ötən həftəsonu Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2024-cü il mövsümünün 4-cü mərhələsi keçirilib.
Arena.az xəbər verir ki, iki gün davam edən yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil ediblər.
Hər iki güləşçimiz bu mərhələdə medal qazanıb.
Ramiz Həsənov (80 kq) amerikalı Tayler Loethen (3:0), yunanıstanlı Aleksandros Spiliotis (5:0) və ukraynalı Maksim Bresə (2:1) qalib gələrək B qrupunun lideri kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında moldovalı Vasile Diakona (1:3) məğlub olan güləşçimiz Bresə yenidən qalib gələrək (3:0) bürünc medalı boynundan asıb.
İbrahim Yusubov (90 kq) A qrupunda maksimum nəticə göstərib. Çimərlik güləşi üzrə ikiqat dünya çempionu almaniyalı Kevin Qremm (3:0), ukraynalı Demid Karaçenko (3:0) və yaponiyalı Asahi İmamuradan (3:0) güclü olub. Yarımfinalda moldovalı Trayan Kapatinanı (3:1) üstələyən İbrahim finalda türkiyəli Mahmut Özkayaya qalib gəlib – 3:0. Bununla da Yusubov cari mövsümdə Dünya Seriyasında ilk dəfə qızıl medal qazanıb.
Beləliklə, çimərlik güləşçilərimiz Katerinidən 1 qızıl və 1 bürünc medalla qayıdıblar.
Dünya Seriyasının sonuncu – final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.