Çimərlik güləşi: Millimizin üzvləri üçün Sinqapur sınağı

İyunun 10-dan 11-nə qədər Sinqapurda çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti – ikinci mərhələsi keçiriləcək.

Arena.az xəbər verir ki, bu yarışda Azərbaycanı üç güləşçi təmsil edəcək.

Bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkəmizi Sinqapurda Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcəklər.

İyunun 10-da qrup mərhələsinin görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

İlk görüşlər Bakı vaxtı ilə 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə bazar günü 12:30-da start götürəcək.

Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal qazanıb.