Sentyabrın 7-8-də Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti – dördüncü mərhələsi baş tutub.
Arena.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.
Ölkəmizi Rumıniyada Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil ediblər. Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər.
Ramiz Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Ramiz finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
İbrahim Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans tanımayıb – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək qızıl medal qazanıb.
Oyan Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Oyan 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl və 2 gümüş medal qazanıblar.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.
Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmişdi. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanmışdılar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə etmişdi.
İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş ikinci mərhələdə isə yalnız İbrahimov Yusubov (90 kq) bürünc medal qazana bilmişdi.
Dünya Seriyasının üçüncü mərhələsi iyunun 29-30-da Fransanın Sen-Loren-du-Var şəhərində baş tutmuşdu. Bütün rəqiblərinə qalib gələn İbrahim Yusubov (90 kq) çempion olmuşdusa, Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) üçüncü yeri tutmuşdular.