Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri ömürlük həbs olundu

Çin Futbol Assosiasiyasının (CFA) keçmiş sədri Çen Syuyyuan rüşvət aldığı üçün ömürlük həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Çen Syuyyuan 2019-2023-cü illərdə Çin Futbol Assosiasiyasının sədri vəzifəsində çalışıb.

Bildirilir ki, Syuyyuan 10,4 milyon avro məbləğdən çox rüşvət alıb və bunu özü də etiraf edib. Bundan əlavə, Syuyyuan bütün əmlakı müsadirə edilib.

Vurğulanır ki, Çin Futbol Assosiasiyasının keçmiş sədri bir sıra yerli futbol klubları üçün yersiz üstünlüklər yaradıb və bununla da ölkənin futbol sənayesində ədalətli rəqabəti və nizam-intizamı pozub.

Məhkəmə qarşısında çıxış edən Syuyyuan deyib:

“Azarkeşlər Çin futbolunun səviyyəsinin aşağı olması ilə razılaşa bilərlər, amma korrupsiyaya dözə bilmirlər. Bütün çinli azarkeşlərdən üzr istəmək istəyirəm”.

Vurğulayaq ki, Çində rüşvətxorluq və korrupsiya ən ağır surətdə cəzalarla “mükafatlandırılır”: ya ömürlük həbs cəzası, ya da ölüm hökmü.