Çində 43 nəfər danışılmış oyunlarda və qanunsuz mərc qoyuluşlarında ittiham üzrə təqsiri sübuta yetirilərək ömürlük cəzaya məhkum edilib.
Arena.az bu barədə “Sinxua” informasiya agentliyinin rəsmi məlumatına istinadən bildirir.
Mənbənin məlumatına görə, sentyabrın 10-da Çin Futbol Assosiasiyası (CFA) Çin yığmasının üç keçmiş futbolçusu və Cənubi Koreya yığmasının oyunçusu Son Ho Cun da daxil olmaqla, qanunsuz mərc qoyuluşları və danışılmış oyunlarda ittiham edilmiş 43 nəfəri təqsiri sübuta yetirilməklə futboldan ömürlük kənarlaşdırıb.
Vurğulayaq ki, Pekin son illər Çin idmanında, xüsusən də futbolda korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirib. Nəticədə bir neçə yüksək vəzifəli məmur artıq, həbs cəzası da alıb.
Cəzalandırılmış 43 nəfər isə Çin futbolunda qeyri-qanuni mərc oyunları və danışılmış oyunlarla bağlı iki illik istintaqda iştirak etmiş 128 nəfər arasında olub.
Çin liqasında “Şandun Tayşan”da çıxış etmiş Son Ho Cun 2023-cü ilin mayında Çində saxlanıldıqdan sonra 2024-cü ilin martında Cənubi Koreyaya qayıdıb. Son Ho Cun qeyri-dövlət məmurlarından rüşvət almaqda şübhəli bilinərək həbs edilmişdi.
“Şandun Tayşan”da da çıxış etmiş, Çin yığmasının keçmiş oyunçusu Szinya Szindao da ömürlük cəza alıb.
Xatırladaq ki, mart ayında Çin hökuməti Çin Futbol Assosiasiyasının keçmiş prezidenti Çen Suyuanı “xüsusilə külli miqdarda” rüşvət aldığına görə ömürlük həbsə məhkum etmişdi. Elə həmin ay Çin yığmasının keçmiş baş məşqçisi və “Everton”un keçmiş yarımmüdafiəçisi Li Te 9,7 milyon avro məbləğdən çox rüşvət almaqda və danışılmış oyunlarda iştirakda təqsirini etiraf etmişdi.