ÇL: “Qarabağ”ın növbəti mərhələdəki mümkün rəqibləri bilindi

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə iki cüt müəyyənləşib.

Çempionlar Yolunda 5 komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, 1-ci təsnifat mərhələsinin də 15 cütü püşkatmada iştirak edib.

Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr” (Ukrayna) “səpələnmişlər”, “Servett” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) “səpələnməmişlər” səbətində yer almışdı.

Azərbaycan çempionu “Linkoln”u (Cəbəllüttariq) mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi növbəti mərhələdə də ilk görüşü səfərdə, cavab matçını evdə keçirəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılıb. “Qarabağ” bu mərhələdə Cəbəllüttariq “Linkoln”u ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 11-12 iyulda, cavab görüşləri 18-19 iyulda baş tutacaq. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva)/“Struqa” (Şimali Makedoniya) – “Qalatasaray” (Türkiyə)

“Balkani” (Kosovo)/“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)/“Valmiera” (Latviya)

“Rakuv” (Polşa)/“Flora” (Estoniya) – “Linkoln” (Cəbəllüttariq)/“Qarabağ” (Azərbaycan)

“Klaksvik” (Farer adaları)/“Ferentsvaroş” (Macarıstan) – “Hakken” (İsveç)/TNS (Uels)

HJK (Finlandiya)/“Larne” (Şimali İrlandiya) – “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya)/İlkin mərhələnin qalibi – “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya)/“Şerif” (Moldova) – “Hamrun Spartans” (Malta)/“Makkabi” (Hayfa, İsrail)

“Aris” (Kipr) – “Partizani” (Albaniya)/BATE (Belarus)

“Urartu” (Ermənistan)/“Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Slovakiya)/“Svift” (Lüksemburq)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)/“Dinamo” (Tiflis, Gürcüstan)

Liqa Yolu

“Dnepr” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) – “Genk” (Belçika)