ÇL: “Qarabağ”ın yeni mövsümdəki ilk potensial rəqibi bəlli oldu

Azərbaycanda çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsindəki ilk potensial rəqibi bəlli olub.

Arena.az xəbər veri rki, Ağdam təmsilçisi İslandiya klubu “Vikinqur”la qarşılaşa bilər.

Ümumiyyətlə, yarışa 1-ci raunddan qoşulacaq 6 komanda artıq dəqiqləşib ki, onlardan yalnız Reykyavik komandası səpələnməmişlərdə yer alacaq. Digər 5 klub – “Qarabağ”, HJK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında qərarlaşacaqlar. Azərbaycan çempionu 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

TNS (Uels), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) və “Odrabası”nın (Qazaxıstan) səbəti qeyri-müəyyəndir.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mərhələni adlayacağı təqdirdə, 2-ci raundda da səpələnmişlərdə olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.