Co Uorrall “Beşiktaş”dan ayrıldı – Rəsmi

“Beşiktaş”ın bu ilin yanvar ayında, qış fasiləsi zamanı “Nottingem Forest”dən icarəyə götürdüyü Co Uorrall İstanbul təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə 27 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesablarında yazıb:

“Təşəkkürlər, “Beşiktaş”! Buradan möhtəşəm xatirələrlə ayrılıram”.

Xatırladaq ki, Co Uorrall “Beşiktaş”a bu ilin fevral ayında, qış fasiləsi zamanı icarə əsasında qoşulmuşdu. Türkiyə klubu onu satınalma şərti ilə icarəyə götürmüşdü. Lakin görünür tərəflər əməkdaşlığı davam etdirməkdə maraqlı olmayıblar. İngilis müdafiəçi Super Liqa təmsilçisinin heyətində 9 matçda meydana çıxıb və 1 qol vurub. O, bu komanda ilə Türkiyə kubokunun qalibi olub.

Co Uorrall İngiltərənin “Nottingem Forest” klubunun öz yetirməsidir. Müdafiəçi bu klubun əsas komandasında 226 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Uorrall daha öncə “Daqenem və Redbric”, həmçinin “Reyncers” klublarında da icarədə oynayıb. O, İngiltərənin U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 8,5 milyon avro məbləğində qiymətləndirir.