Con Mari “Rizəspor”dan ayrılsa da, Türkiyədə qaldı

Türkiyənin “Rizəspor” klubunun Kamerundan olan mərkəz hücumçusu Con Mari Super Liqa təmsilçisindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Kamerunlu hücumçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Con Mari 2023-cü ilin fevral ayından “Rizəspor”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Mari karyerası ərzində “Rudar”, “Hakka”, “Avispa”, “Əl-Şabab”, “Voyvodina”, “Buriram Yunayted” kimi klubların da formasını geyinib.

Artıq Con Marinin yeni komandası da məlumdur. O, TFF Birinci Liqada mübarizə aparan “Manisa”ya keçib. Bu barədə futbolçunun yeni klubu məlumat yayıb. Tərəflər arasında müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş yarım illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Manisa” ötən gün “Turan Tovuz”dan ayrılan Azərbaycan millisinin müdafiəçisi Sərtan Taşkını da heyətinə qatdığını açıqlamışdı.