Con Obi Mikel “Çelsi”də Eto’O ilə De Bröynenin davasını xatırladı

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel 2013/2014-cü il mövsümündə “zadəganlar”ın düşərgəsində baş vermiş hadisəni ictimailəşdirib.

Arena.az “Daily Mail”ə istinadən nigeriyalı dayaq yarımmüdafiəçisinin xatirsəni təqdim edir.

Con Obi Mikel London klubunda çıxış edərkən kamerunlu hücumçu Samuel Eto’O ilə belçikalı hücumameylli yarımmüdafiəçi Kevin De Bröyne arasında baş vermiş dava haqda söz açıb.

Xatırladaq ki, həmin vaxt “zadəganlar”ı portuqal mütəxəssis Joze Mourinyo çalışdırırdı.

“O vaxt De Bröyne məşq etməyə o qədər də həvəsli deyildi. Həmişə başını aşağı salıb yeriyirdi, bütün dünyadan qəzəbli və incimiş görünürdü. Düşünürəm ki, bu, onun əsas heyətdə yer almaması ilə bağlı idi. O, uşaq meydançasına gələn uşaq kimi idi, amma heç kim onunla oynamaq istəmirdi.

Bir gün Eto’O onu tənqid etdi və məşq zamanı ciddi dava etdilər. Bütün bunlar Kevin, Samuelin görmək istədiyi səyi göstərmədiyi üçün baş verdi. Sonra onlar yaxşıca söyüşdülər”, deyə Con Obi Mikel xatırlayıb.