“Çelsi”nin nigeriyalı keçmiş dayaq yarımmüdafiəçisi Con Obi Mikel “zadəganlar”ın italyan baş məşqçisi Entso Mareskanı tənqid edib.
Arena.az keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:
“Fikrimcə, baş məşqçinin, klubun İngiltərə Premyer Liqasında qalibiyyətə iddia etmədiyi ilə bağlı şərhi oyunçuların başında oturub. O vaxtdan isə bütün bunlar fəlakətə çevrilib. Bizim, nə etdiyimiz haqda bir fikrimiz yoxdur”, deyə Con Obi Mikel baş məşqçidən narazılığını dilə gətirib.
Xatırladaq ki, Entso Mareska cari mövsümün gedişində bir neçə dəfə “Liverpul”, “Arsenal”, “Mançester Siti” kimi nəhənglərlə rəqabətə hazır olmadıqlarını, həmçinin çempionluq uğrunda mübarizə aparmadıqlarını bəyan edib. Bu isə göründüyü kimi, birmənalı qarşılanmır.
Entso Mareska “Çelsi”nin sükanı arxasına 2024-cü ilin iyul ayında gətirilib. İtalyan mütəxəssis “zadəganlar”ın baş məşqçisi vəzifəsində argentinalı mütəxəssis Maurisio Poçettinonu əvəzləyib. Mareskanın London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
45 yaşlı mütəxəssis əvvəllər “Mançester Siti”də ispan mütəxəssis Xosep Qvardiolanın köməkçisi kimi çalışıb. Mareska həmçinin 2023/2024-cü illər mövsümündə “Lester Siti”ni çalışdırıb və “tülkülər”i Çempionşipdən Premyer Liqaya yüksəldib.
Mareska fəaliyyəti dövründə “Çelsi”ni 37 oyuna çıxarıb, 21 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət yaşayıb. “Zadəganlar”ın top fərqi isə 87:45 nisbətindədir.
Cari mövsümdə keçirdiyi 25 oyunda 43 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Zadəganlar” 12 qələbə qazandıqları halda 7 heç-heçə və 6 məğlubiyyət görüblər.



