Conatan Devid “Barselona” arzusunu açıqladı

Fransanın “Lill” klubunun 25 yaşlı mərkəz hücumçusu Conatan Devid İspaniya nəhəngi “Barselona”da çıxış etmək istəyir.

Arena.az kanadalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Bu, mənim uşaqlıqdan izlədiyim komandadır. Müəyyən komandanı müşəhaidə edərək böyüyəndə, onun heyətində oynamaq istəyirsən”, deyə Devid iddiasını açıqlayıb.

Xatırladaq ki, Conatan Devid Kanadanın “Ottava” klubunun yetirməsidir. O, 2018-ci ildə azad agent kimi Avropaya üz tutub və Belçikanın “Gent” klubunda çıxış etməyə başlayıb. Məhz bu klubdakı çıxışı ilə diqqət mərkəzinə düşmüş hücumçu 2020-ci ilin avqustunda 27 milyon avro müqabilində “Lill”ə keçib. Devidin “Lill” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun bu yay iş yerini dəyişdirməsi ehtimalı yüksək qiymətləndirilir.

Devid cari mövsümdə “itlər”in heyətində 41 oyuna çıxıb, 23 qol vurub, 10 məhsuldar ötürmə vedib. Hücumçunun Fransa klubundakı ümumi göstəriciləri isə belədir: 224 oyun, 107 qol, 27 məhsuldar ötürmə.

Kanadalı hücumçu “Lill” ilə 2020/2021-ci illər mövsümündə Fransa çempionu olub. O, 2021/2022-ci illər mövsümündə də Fransa Super Kubokuna sahib çıxıb.

Conatan Devid 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kanada yığmasının heyətində 61 oyun keçirib, 32 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. O, yığma komandası ilə 2023-cü ildə CONCACAF Millətlər Liqasının finalçısı olub.

“Transfermarkt” internet-portalı Conatan Devidi 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: