Conatan Devid “Lill”dən ayrılacağını açıqladı

“Lill”in 25 yaşlı kanadalı mərkəz hücumçusu Conatan Devid cari mövsümün başa çatması ilə “itlər”dən ayrılacağını açıqlayıb.

Arena.az məlumat verir ki, Devid bu barədə özünün sosial şəbəkə hesabları üzərindən bəyanat yayıb.

Devid “Lill”ə müqavilə müddətinin başa çatması ilə azad agentə çevriləcək.

Xatırladaq ki, Devidin xidmətində “Barselona” və İngiltərə nəhəngi “Mançester Yunayted” başda olmaqla Premyer Liqanın aparıcı klubları maraqlıdırlar.

Əlavə edək ki, Conatan Devid cari 2024/2025-ci illər mövsümündə “Lill”in Fransa Liqa 1-də ən sərrast qolçusu və ən səmərəlli oyunçusudur. Kanadalı hücumçunun hesabında 16 qol və 5 məhsuldar ötürmə var.

Conatan Devid Kanadanın “Ottava” klubunun məzunudur. Devid 2018-ci ildə azad agent qismində Avropaya üz tutub və Belçikanın “Gent” klubunda çıxış etməyə başlayıb. Məhz bu klubdakı çıxışı ilə diqqət mərkəzinə düşmüş hücumçu 2020-ci ilin avqust ayında 27 milyon avro məbləğ müqabilində “Lill”ə keçib. Devidin “Lill” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Devid cari mövsümdə “itlər”in heyətində 48 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə vedib.

Hücumçunun “Lill”də çıxışının ümumi mənzərəsi 231 oyun, 109 qol, 30 məhsuldar ötürmədən ibarətdir.

Kanadalı hücumçu “Lill” ilə 2020/2021-ci illər mövsümündə Fransa çempionu olub, 2021/2022-ci illər mövsümündə isə Fransa Super Kubokunu qazanıb.

Conatan Devid 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kanada yığmasının heyətində 61 oyun keçirib, 32 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Devid Kanada yığması ilə 2023-cü il CONCACAF Millətlər Liqasının finalçısı olub.

Fərdi mükafatlara gəlincə, Devid 2019-cu il CONCACAF Qızıl Kubokunda 6 qolla, 2019/2020-ci illər Belçika Peşəkar Liqasında isə 18 qolla ən sərrast qolçu olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: