İtaliyanın “Yuventus” klubunun kanadalı hücumçusu Conatan Devid bundan sonrakı karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Arena.az xəbər verir ki, Madridin “Atletiko” klubu 26 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Devid “matrasçılar”ın heyətində 2026/2027-ci illər mövsümünün sonuna – 30 iyun 2027-ci ilədək icarə əsasında çıxış edəcək. Klublar arasındakı müqavilədə futbolçunun gələn yay birdəfəlik transferi ilə bağlı satınalma şərti də var.
Conatan Devid 2025-ci ilin yayında Fransanın “Lill” klubundan azad agent kimi “Yuventus”a keçib. O, Turin klubunun heyətində bütün turnirlərdə 47 rəsmi matça çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Conatan Kanadanın “Ottava” klubunun məzunudur. Devid 2018-ci ildə azad agent qismində Avropaya üz tutub və Belçikanın “Gent” klubunda çıxış etməyə başlayıb. Məhz bu klubdakı çıxışı ilə diqqət mərkəzinə düşmüş hücumçu 2020-ci ilin avqust ayında 27 milyon avro məbləğ müqabilində “Lill”ə keçib.
Kanadalı hücumçu “Lill” ilə 2020/2021-ci illər mövsümündə Fransa çempionu olub, 2021/2022-ci illər mövsümündə isə Fransa Super Kubokunu qazanıb.
Conatan Devid 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kanada yığmasının heyətində 82 oyun keçirib, 42 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. Devid Kanada yığması ilə 2023-cü il CONCACAF Millətlər Liqasının finalçısı olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


