İngiltərənin “Nottingem Forest” klubu iki mərkəz müdafiəçisi – Conatan Panzo və Skott Makkennanı icarəyə göndərib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İngiltərəli mərkəz müdafiəçisi Conatan Panzonu Belçikanın “Standard” (Lyej) klubu öz heyətinə qatıb. Şotlandiyadan olan Skott Makkenna isə Danimarkanın “Kopenhagen” klubuna icarəyə verilib. Onların hər ikisinin müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər razılaşdırılıb. Hər iki futbolçu mövsüm bitən kimi “Nottingem Forest”ə qayıdacaq, çünki müqavilədə satınalmaya dair hər hansı şərt nəzərdə tutulmayıb.
Conatan Panzo “Çelsi”nin futbol akademiyasının yetirməsidir. Panzo karyerası ərzində “Monako”, “Serkl Brügge”, “Dijon”, “Nottingem Forest”, “Koventri Siti” və “Kardiff Siti”də oynayıb.
Panzo cari mövsümün ilk yarısında “Kardiff Siti”də icarədə olub. O, bu qış fasiləsində “Nottingem Forest”ə qayıtmışdı. Panzo “Kardiff Siti”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Panzonun qənimətlər muzeyində “Çelsi”nin gənclər komandası (U-18) ilə iki dəfə qazandığı İngiltərə çempionluğu var.
Conatan İngiltərənin U-16, U-17, U-18, U-19, U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb. Conatan U-17 yığması ilə FIFA U-17 Dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingiltərəli mərkəz müdafiəçisinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.
Skott Makkenna isə Şotlandiyanın “Aberdin” klubunun yetirməsidir. O, bu klubda olarkən “Er Yunayted” və “Alloa Atletik” kimi komandalarda icarədə də oynayıb. 2020-ci ilin sentyabrında 3,27 milyon avro qarşılığında “Nottingem Forest”ə keçən Makkenna, bu komandada 106 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Şotlandiyanın U-18, U-19 və U-21 yığmalarında da oynamış Skott, 2018-ci ildən əsas millidə forma geyinir. O, Şotlandiya yığmasında 30 oyuna çıxıb, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı futbolçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.



