Almaniyanın “Bayer” komandasının kapitanı Conatan Ta Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Çətin oyun oldu. Onların yaxşı oyunçuları var. Möhtəşəm atmosfer var idi. Birinci hissədə bizim bəzi problemlərimiz var idi. İlk yarıda yaxşı oyun göstərə bilmədik. İkinci hissəyə ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.
“İlk hissədə nə baş verdiyini anlaya bilmədik. Belə vəziyyətlə birinci dəfə idi ki, qarşılaşırdıq. Oyuna necə başlamağımız rekordlardan daha vacibdir. İki qol buraxdıqdan sonra özümüzü həm məyus, həm də qəribə hiss etdik. Amma sınmadıq. “Qarabağ”ın gücündən xəbərdar idik. Onları ilk hissədə dayandıra bilmədik. İkinci hissədə isə meydanda üstün tərəf biz idik və oyuna diqtə etməyi bacardıq”.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer” komandası ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Nahid Ustaclı