Cənubiamerikan Futbol Konfederasiyası (CONMEBOL) ABŞ-da keçirilən Amerika Kubokunda baş vermiş iğtişaşa dair bəyanat yayıb.
Arena.az məlumat verir ki, söhbət yarışın yarımfinal mərhələsində Uruqvay – Kolumbiya oyunundan (0:1) sonra stadionda uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında baş vermiş dava-dalaşdan gedir.
Qurumun İntizam Komitəsi bu məsələ ilə bağlı iş açaraq, müvafiq bəyanat verib:
“Uruqvay və Kolumbiya oyunundan sonra baş vermiş zorakılıq fəaliyyəti ilə əlaqədar CONMEBOL İntizam Komitəsi hadisələrin ardıcıllığını və iştirakçıların məsuliyyətini aydınlaşdırmaq məqsədilə iş açmaq qərarına gəlib. Amerika Kubokunun finalı ərəfəsində biz təsdiqləmək və xəbərdarlıq etmək istəyirik ki, dünya futbol yarışlarını ləkələyə biləcək heç bir davranışa yol verilməyəcək”, – qurumun mətbuat xidmətinin bəyanatında deyilir.
Xatırladaq ki, oyundan sonra uruqvaylı futbolçular – hücumçu Darvin Nunyes və müdafiəçi Ronald Arauxo tribunalara çıxaraq kolumbiyalı azarkeşlərlə davaya başlayıblar. Uruqvay yığmasının müdafiəçisi və kapitanı Xose Ximenes daha sonra bildirib ki, komanda yoldaşları “ailələrini qorumaq” üçün tribunalara çıxıblar.
Darvin Nunyes xüsusilə “qoçuluq” edib. Uruqvaylı futbolçu onu təhqir edən və nalayiq əl-qol hərəkətləri nümayiş etdirən kolumbiyalı azarkeşlərin üzərinə stul tolazlayıb. Hazırda bu iş nəzarətdədir. Vurğulanır ki, Nunyes ciddi cəza ilə üzləşə bilər.
Xatırladaq ki, iyulun 13-də 2024-cü il Amerika Kubokunun bürünc medalı uğrunda Kanada və Uruqvay yığmaları qarşılaşacaqlar.
İyulun 14-də isə Kolumbiya və Argentina yığmaları çempionun kimliyinə aydınlıq gətirmək üçün cənubiamerikan “futbol döyüşü”nə çıxacaqlar.