Corcina Ronaldonun karyerasını nə vaxt bitirəcəyini açıqladı

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo bir-iki ilə futbolçu karyerasını bitirərək, butslarını mıxdan asacaq.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, Ronaldonun xanımı, model Corcina Rodriges 39 yaşlı veteran ulduzun peşəkar futbolçu karyerasını nə vaxt bitirəcəyi sualı haqda məhz belə qənaətdədir:

“Bəlkə bir il daha. Bundan sonra – son. Amma bəlkə iki il, mən dəqiq bilmirəm”, deyə Corcina qadınlara xas şıltaqlıqla bildirib.

Xatırladaq ki, əvvəllər Ronaldo futbolçu karyerasını nə vaxt bitirəcəyinə dəqiq cavab verə bilməmişdi. Ulduz futbolçu təxminən belə cavab vermişdi ki, ayaqları başını daşıya bilənə qədər top qovacaq.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.