Cordan Henderson “Liverpul”u “Əl-İttifaq”a dəyişdi

“Liverpul”un 33 yaşlı veteranı, ingilis mərkəz yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Arena.az bu barədə Sözügedən klubların rəsmi saytına istinadən məlumat verir.

“Onun “Enfild”dəki fəsli Səudiyyə Ərəbistanından “Əl-İttifaq”a keçidi ilə sona çatdığından, “Liverpul” Futbol Klubunda hər kəs Cordan Hendersonun “qırmızılar”ın bir hissəsi kimi keçirdiyi 12 il ərzində, klub üçün etdiyi hər şeyə görə rəsmi təşəkkür etmək istəyir”, – “Liverpul”un rəsmi bəyanatında deyilir.

Henderson 2011-ci ildən “Liverpul”da çıxış edirdi. İngilis yarımmüdafiəçi buna qədər “Sanderlend”də çıxış edib, qısa müddət “Koventri”də icarədə olub. Hendersonun futbolçu karyerasının əsas hissəsi məhz “Liverpul”un adı ilə bağlıdır. Bu müddət ərzində Henderson “Liverpul”la 8 kubok qazanıb və maraqlıdır ki, bu qənimətlərdən 7-ni məhz komandanın kapitanı olaraq əldə edib. Bunlara İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2021/2022), İngiltərə Futbol Liqası Kuboku (2011/2012, 2021/2022), İngiltərə Super Kuboku (2022), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019), FIFA Klub Dünya Kuboku (2019) daxildir.

Bundan başqa, Henderson İngiltərə Kubokunun (2011/2012), İngiltərə Futbol Liqası Kubokunun (2015/2016), Çempionlar Liqasının (2017/2018, 2021/2022), Avropa Liqasının (2015/2016) finalçısı olub.

Henderson “qırmızılar”ın heyətində ümumilikdə 492 oyuna çıxıb, 33 qol vurub, 61 məhsuldar ötürmə verib.

İngiltərə yığması ilə Henderson Avropa çempionatının (2020) gümüş, UEFA Millətlər Liqasının (2018/2019) bürünc mükafatçısı olub. Henderson İngiltərə yığmasının heyətində 2010-cu ildə Fabio Kapellonun rəhbərliyi altında dübüt edib və bu müddətdə 77 oyuna çıxıb, 3 qol vurub.

Cordan Henderson 2021-ci ildə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib.

Stiven Cerrardın çalışdırdığı “Əl-İttifaq” Hendersonun transferi üçün “Liverpul”a 14 milyon avro ödəyib. Təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən, “Liverpul”un gənc sağ cinah müdafiəçisi Anderson Arroyo da “Andorra”ya icarəyə verilib. 23 yaşlı kolumbiyalı futbolçunun 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. 2018-ci ildən “qırmızılar”ın sıralarında olan Arroyo daha öncə “Alaves”, “Mirandes”, “Salamanka”, “Mlada Boleslav”, “Gent” kimi klublarda da icarədə oynayıb.

Xəbəri istədiklərinizlə paylaşın