Coş Uilson-Esbrand “Mançester Siti”dən ayrıldı

İngiltərə çempionu “Mançester Siti”nin sol cinah müdafiəçisi Coş Uilson-Esbrand icarə əsasında “Kardiff Siti” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Uels klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Əslən Yamaykadan olan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi “Kardiff Siti”də icarədə olacaq. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb. Müdafiəçi mövsüm bitən kimi 2027-ci ilin 30 iyununa qədər müqaviləsinin olduğu “Mançester Siti”nin düşərgəsinə qoşulacaq.

Coş Uilson-Esbrand “Vest Hem” futbol məktəbinin yetirməsidir. 2019-cu ildə “Mançester Siti”yə cəlb olunmuş müdafiəçi bu klubun U-18, U-23 və gənclərdən ibarət komandalarında oynayıb. “Şəhərlilər”in əsas komandasında 3 oyun keçirmiş Coş, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Koventri Siti” və “Reyms” klublarında da icarədə olub.

“Mançester Siti” mərkəz yarımmüdafiəçisi Alfi Harrisonu da Premyer Liqanın digər təmsilçisi “Nyukasl”a satıb. “Şəhərlilər” 18 yaşlı futbolçunun satışından 1 milyon avro gəlir əldə ediblər. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb.

“Mançester Siti”nin öz yetirməsi olan Alfi Harrison bu klubun müxtəlif yaş qrupları üzrə komandalarında oynasa da, əsas komandada debüt şansı qazanmayıb.

Alfi Harrisonu heyətinə qatan “Nyukasl” da dayaq yarımmüdafiəçisi Ayzak Haydenlə vidalaşıb. Premyer Liqa təmsilçisi 28 yaşlı futbolçunu aşağı liqada mübarizə aparan KPR-ə icarəyə verib. İngilis yarımmüdaiəçi mövsümün sonuna kimi icarədə olacaq.

Ayzak Hayden “Arsenal”ın yetirməsidir. “Hall Siti”, “Norviç Siti”, “Standard” (Lyej) kimi klubların da formasını geyinmiş futbolçu 2016-cı ildən “Nyukasl”dadır. O, bu komandada 171 oyuna çıxıb, 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.