Coşqun Diniyev 21 dəqiqə oynadı, komandası qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 22-ci turu çərçivəsində baş tutan “Çorum”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 7-ci qələbəsidir. Sözügedən komanda qalan oyunlardan 6 heç-heçə, 9 məğlubiyyətlə ayrılıb.

Coşqun bu oyunun 69-cu dəqiqəsində meydana buraxılıb və sonadək oynayıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 21 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

22 turdan sonra “Ümraniyəspor” 27 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.