Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 12-ci turu çərçivəsində digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor”la qarşılaşıb.
Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıb – 2:0.
Diniyev bu oyuna start heyətdə başlayıb və 68-ci dəqiqədə – hesab 1:0 olarkən əvəzlənib.
Vüsal İsgəndərli isə bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 10 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Vüsal İsgəndərli isə “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.
“Bandırmaspor” 12 turdan sonra 24 xalla 2-ci pillədə qərarlaşıb. “Boluspor” isə 18 xalla 8-cidir.


