Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 11-ci turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.
Diniyev bu oyuna start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 9 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən komanda 11-ci tur çərçivəsində “Ümraniyəspor”u qəbul edib və 3:0 hesablı qələbəyə sevinib. Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.
“Bandırmaspor” 11 turdan sonra 21 xalla 2-ci pillədə qərarlaşıb. “Boluspor” isə 18 xalla 5-cidir.


