Coşqun Diniyev 84 dəqiqə oynadı, sarı vərəqə aldı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gecə TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 6-cı turu çərçivəsində “İstanbulspor”la qarşılaşıb.

Coşqunun komandası səfərdə baş tutan qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb – 0:0.

Diniyev bu oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. O, 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Bandırmaspor” 6 turdan sonra 8 xalla 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 5 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.