Coşqun Diniyev 9 dəqiqə oynadı, Vüsal İsgəndərli…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 4-cü turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.

Səfərdə baş tutan və beş qolun qeydə alındığı qarşılaşma Coşqunun komandasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşün ilk hissəsini 2:2 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahibləri 78-ci dəqiqədə daha bir qol vurmaqla qələbəni baytam ediblər. Coşqun isə 81-ci dəqiqədə meydana buraxılıb.

“Bandırmaspor” 4 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 3 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Azərbaycan millisinin digər üzvü Vüsal İsgəndərlinin komandası – “Boluspor” da bu gün növbəti matçını keçirib. Bolu təmsilçisi səfərdə “Keçiörengücü” ilə qarşılaşıb. Bu komandaların duelində qalib müəyyənləşməyib – 1:1.

Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Boluspor” 4 turdan sonra 5 xalla 10-cu sırada qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 17 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.