Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 27-ci turu çərçivəsində baş tutan “Adanaspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Meydan sahibləri 85 və 90+2-ci dəqiqələrdə vurduqları qollarla 3 xala sahib çıxıblar.
Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 9-cu qələbəsidir. Futbolçumuzun komandası qalan oyunlarda 6 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.
Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 25 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
27 turdan sonra “Ümraniyəspor” 33 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.