Coşqun Diniyev “Manisa”ya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 18-ci turu çərçivəsində “Manisa” ilə qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 2:3.

Diniyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 16 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Bandırmaspor” 33 xalla 2-ci pillədə qərarlaşıb. Coşqunun komandası 18 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Birinci Liqaya 38 xala malik “Kocaelispor” liderlik edir.