Coşqun Diniyev oynadı, Renat Dadaşovla Həsən Həsən Nəzərov…

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində növbəti rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 26-cı turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.

Coşqunun komandası evdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Diniyev bu matçın 90+3-cü dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Coşqun Diniyev bu ay Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 3 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.

Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

“Çorum” hazırda 39 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 25 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.

Bu gün digər azərbaycanlı futbolçular – Renat Dadaşovla Həsən Nəzərovun komandası “Ankaragücü” də növbəti matçına çıxıb. Paytaxt təmsilçisi doğma meydanda “Bandırmaspor”u qəbul edib və 4:0 hesablı qələbəyə sevinib. Renatla Həsən bu görüşün iştirakçısı olmayıblar. Onların adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: