Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 8-ci turu çərçivəsində baş tutan “Altay”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:0. Bu, mövsümə çox uğursuz başlamış İstanbul təmsilçisinin ilk qələbəsidir.
Coşqun bu oyuna start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Diniyev vurub. O, 67-ci dəqiqədə fərqlənməklə böyükhesablı qələbənin təməlini qoyub.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 8 oyuna çıxıb, 1 qola imza atıb..
8 turdan sonra “Ümraniyəspor” 5 xalla 18 iştirakçıarasında 17-ci pillədə qərarlaşıb.