Coşqun Diniyev Türkiyədə 2-ci qolunu vurdu – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 14-cü turu çərçivəsində baş tutan “Kocaelispor”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:0. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki dördüncü qələbəsidir.

Coşqun bu oyuna start heyətdə başlayıb və 83-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Diniyev vurub. O, 28-ci dəqiqədə fərqlənməklə böyükhesablı qələbənin təməlini qoyub.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 14 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

14 turdan sonra “Ümraniyəspor” 15 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.