Coşqun Diniyev üçün yarım saat və ardıcıl 2-ci məğlubiyyət

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində “Amedspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma Coşqunun komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşün 2-ci dəqiqəsində qol buraxan meydan sahibləri buraxdıqları topun əvəzini çıxa bilməyiblər. Coşqun isə 60-cı dəqiqədə meydana buraxılıb. Amma o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Son iki turda ardıcıl məğlubiyyətlərə üzülmüş “Bandırmaspor” 5 turdan sonra 7 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 4 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.