Futbol üzrə Azərbaycan millisinin üzvləri – Coşqun Diniyevlə Ramil Şeydayev Türkiyə Birinci Liqasında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, onların komandaları bu gün TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 31-ci turu çərçivəsində bir-biri ilə qarşılaşıblar.
Belə ki, Coşqunlu “Ümraniyəspor” doğma meydanda Ramilli “Kocaelispor”la üz-üzə gəlib. 67-ci dəqiqədə qonaqların qapısına yol tapan Diniyevin komandası bu üstünlüyünü sonadək qorumağı bacarıb – 1:0.
Azərbaycanlı futbolçular bu oyuna start heyətdə başlayıblar. Şeydayev sonadək oynayıb. Diniyev isə 80-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 31 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Ramil Şeydayev isə “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 12 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.
31 turdan sonra “Kocaelispor” 52 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Ümraniyəspor” isə 37 xalla 11-cidir.