Covani Lo Çelso “Betis”də

İngiltərənin “Tottenhem” klubunun argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso bundan sonra “Betis”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi bu transfer üçün “Tottenhem”ə 5 milyon avro ödəyib. 28 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Covani Lo Çelso 2019-cu ilin avqustundan “Tottenhem”də forma geyinirdi. O, London təmsilçisində 108 oyuna çıxıb, 10 qol vurub, 8 məhsuldar ötürmə verib.

Argentinalı yarımmüdafiəçi daha öncə də “Betis”də forma geyinib. O, 2018-2020-ci illər aralığında bu klubun heyətində 45 oyuna çıxıb, 16 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Lo Çelso “Rosario Sentral”, PSJ, “Vilyarreal”da da forma geyinib. O, Argentina yığmasında 57 oyuna çıxıb, 3 qol vurub, 15 assist edib. Yarımmüdafiəçi millinin heyətində 2 dəfə Amerika Kubokunun, 1 dəfə Finalissimanın qalibi olub.

Lo Çelsonu heyətinə qatmış “Betis” öz hücumameyilli yarımmüdafiəçisi Nabil Fekiri də “Əl-Cəzirə”yə satıb. İspaniya klubu onun satışından 5 milyon avro qazanıb. Əslən Əlcəzairdən olan fransalı 31 yaşlı futbolçu BƏƏ klubu ilə 2 illik müqavilə bağlayıb.

Daha öncə yalnız Lion “Olimpik”ində forma geyinmiş Nabil Fekir, 2019-cu ildən “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində 165 oyuna çxııb, 29 qol və 29 məhsuldar ötürmə müəllifi olub.

Fekir 2015-ci ildə debüt etdiyi Fransa yığmasında 25 oyun keçirib, 2 qol və 3 assist müəllifi olub. O, millinin heyətində DÇ-2018-in qalibi olub.

Lo Çelsonu satan “Tottenhem” üç oyunçusunu da icarəyə verib. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Alfi Devayn Belçikanın “Vesterlo” klubuna keçib. 19 yaşlı mərkəz müdafiəçisi Eşli Fillips “Stok Siti”yə üz tutub. 25 yaşlı vinger Manor Solomon isə “Lids”ə icarəyə verilib. Onların hər biri bu mövsümün sonunadək icarədə olacaqlar.