İtaliyanın “Verona” klubu bu yay transfer etdiyi Covanni Simeone ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, argentinalı hücumçu A Seriyasının digər təmsilçisi “Napoli”yə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Xəbərdə bildirilir ki, Neapol təmsilçisi 27 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. “Napoli” icarə haqqı olaraq “Verona”ya 3.5 milyon avro ödəyəcək. Mövsümün sonunda Simeonenin birdəfəlik alınmasına qərar verilsə, “Napoli” qarşı tərəfə daha 17 milyon avro ödəməlidir.
Simeone ötən mövsüm “Kalyari”dən icarə əsasında “Verona”ya keçmişdi. Argentinalı hücumçu geridə qalan mövsümdə “Verona”nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Bu üzdən də “Verona” bu yay “Kalyari”yə 10 milyon avro ödəyərək onun transfer hüquqlarını da almış, oyunçu ilə 4 illik müqavilə imzalanmışdı.
Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur. 26 yaşlı futbolçu “River Pleyt”in yetirməsidir. O, bu klubda olarkən 2015/16 mövsümündə “Banfild”ə icarəyə verilib. Argentinalı hücumçu 2016-cı ildə İtaliyanın “Cenoa” klubuna transfer olunub. Bu komandada cəmi bir mövsüm çıxış etdikdən sonra futbolçu “Fiorentina”ya üz tutub. 2019/20 mövsümündə “Kalyari”də icarədə olan futbolçu 2020-ci ildə birdəfəlik sözügedən kluba keçib.
Argentina yığmasında 5 matç keçirmiş futbolçu, cəmi 1 qol vurub. O, “Napoli”də 18 nömrəli formanı geyinəcək.