Rusiyanın ÇSKA (Moskva) klubu heyətini yeni futbolçularla gücləndirib.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 31 yaşlı hücumçu Salomon Rondonla 21 yaşlı yarımmüdafiəçi Emil Bohineni heyətinə qatıb.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Rondon mövsümün sonuna qədər icarə əsasında ÇSKA-da çıxış edəcək. Venesuelalı futbolçu müqavilə ilə Çinin “Dalyan İfan” klubuna məxsusdur. Hücumçu daha əvvəl Rusiyada “Rubin”, “Zenit”, İngiltərədə “Nyukasl”, “Vest Bromviç” kimi klublarda çıxış edib.
Venesuela yığmasında 83 oyuna 31 qol vuran Rondon milli komanda tarixinin bombardiridir.
Bohinen isə Rusiya klubu ilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq müqaviləyə imza atıb. Norveçli futbolçu ölkəsinin “Stabek” klubundan transfer olunub.