Cud Bellingem Kilian Mbappenin “Real”da debütünü şərh etdi

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem fransalı hücumçu Kilian Mbappenin Madrid klubunun heyətində debütünü şərh edib.

Arena.az xəbər verir ki, o, bu barədə bunları dilə gətirib:

“Mbappe böyük oyunçulardan biridir, əladır. Belə kəskin. Belə texnikalı. Həm də əla komanda yoldaşıdır. O, digər uşaqlar kimi komanda üçün çalışır. Ona təşəkkür edirəm. Mbappe bu gecə buna layiq idi”, deyə Cud Bellingem vurğulayıb.

Xatırladaq ki, ötən gecə keçirilmiş UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyun (2:0) “Real”ın yeni transferi Mbappe üçün əlamətdar olub. Fransalı futbolçu debüt oyunundaca qol vurub və “Real”la ilk qənimətini qazanıb.

Mbappe “Atalanta” ilə oyunun 68-ci dəqiqəsində “Real”ın heyətində debüt qolu ilə fərqlənib. Bu, Mbappenin iştirak etdiyi 12 final oyununda vurduğu 9-cu qol olaraq tarixə keçib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Cari mövsümdə isə artıq məlum olduğu kimi, Mbappe “Real” heyətində 1 oyun keçirib və 1 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.