Cüdo: Antalyadakı Avropa Kubokunun ilk günündə 12 medal

Bu gün – martın 2-də Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

Arena.az xəbər verir ki, 39 ölkədən 948 idmançı iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

Azərbaycan yarışda 13 çəki dərəsində 37 oğlan və 20 qız cüdoçu ilə təmsil olunur. Turnirin ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Oğlanlar arasında Bahadır Feyzullayev (-50 kq) və Nihad Məmişov (-55 kq) qızıl medal əldə ediblər. Qüdrət Yusif (-55 kq), Mirxaliq İskəndərov (-60 kq), Ümüd Qurbanov (-66 kq) və Kənan Sadıqov (-66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (-40 kq) və Vüsalə Hacıyeva (-52 kq) Avropa Kubokunun qalibi olublar. Leyla Ələkbərova (-44 kq) və Aysun Məmmədova (-52 kq) gümüş medal əldə ediblər. Nərmin Məmmədli (-44 kq) və Diana Eldarova (-48 kq) isə bu turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İsgəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alıb.

Avropa Kubokuna sabah yekun vurulacaq.