Gənclərdən ibarət cüdo üzrə Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında 2-ci yeri tutub.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıblar.
Daha 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb. Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.
Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.
Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında 60 kq çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə qarşılaşıb. Yalnız həlledici görüşdə uduzan Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında 48 kq çəki dərəcəsində Könül Əliyeva isə yarışı 5-ci yerdə tatamlayıb.
Çempionatının ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda “seoi-otoşi” fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.
Yarışın üçüncü günündə oğlanlar arasında 90 kq çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə üz-üzə gəlib. Məğlub olan Vüqar yarışın gümüş medalını əldə edib. 81 kq çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.
Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi bu gün dünya çempionatının komanda yarışlarında da qüvvəsini sınayacaq.
Komanda yarışlarında 15 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 11 idmançı ilə təmsil olunur. Azərbaycan cüdoçularının ilk rəqibləri Hindistan yığması olacaq.
Oğlanlar arasında 73 kq çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq çəkidə Ramazan Əhmədov və Kənan Nəsibov, qızlarda isə 57 kq çəkidə Aydan Vəliyeva və Fidan Əlizadə, -70 kq çəkidə Pərvanə Abdullayeva, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.