Estoniyada gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatının 2-ci günündə idmançılarımız daha iki qızıl medal qazandılar.
Arena.az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu oldular.
Bu, Vüsal Qələndərzadənin gənclər arasında ikinci Avropa çempionluğudur. İlk dəfə 2022-ci ildə qitə çempionu olan 20 yaşlı idmançımız ötənilki Avropa çempionatında bürünc, dünya çempionatında isə qızıl medal əldə edib.
Yeniyetmələrdən gənclərə bu il keçən və indiyədək gənclər arasında Avropa kuboklarında dəfələrlə qızıl medallar qazanan 18 yaşlı Süleyman Şükürov isə yarış ərzində yüksək performans nümayiş etdirdi.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə də Azərbaycan iki qızıl, bir gümüş medal qazanmışdı. Qızlar arasında Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionu olmuşdular. Oğlanlar arasında isə Nizami İmranov (60 kq) gümüş mükafat əldə etmişdi.
Könül Əliyeva və Fidan Əlizadənin nailiyyəti 25 ildən sonra azərbaycanlı qız cüdoçuların gənclərin Avropa çempionatında ilk qızıl medalı olub. Ümumilikdə isə qızlardan ibarət millimiz bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.
Beləliklə, hazırda aktivində 4 qızıl, 1 gümüş medal olan cüdo üzrə Azərbaycan yığması ümumkomanda hesabında 39 ölkə arasında birinci sırada qərarlaşıb. O cümlədən, ölkəmiz həm oğlanların, həm də qızların sıralamasında liderdir.
Xüsusi qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 qızıl medal Azərbaycan cüdosu tarixində bir ilkdir.