Cüdo millimiz üçün Düşənbə sınağı: İlk rəqiblər bəlli oldu

Cüdo üzrə Azərbaycan millisi iyunun 2-dən 4-nə qədər Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək qran-pri turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.

Kişilərdən ibarət millinin heyətində bu cüdoçular yer alıblar: Turan Bayramov, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi -66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi -90 kq), Camal Qamzatxanov (+100 kq).

Qadınlardan ibarət yığmada isə bu cüdoçulara şans verilib: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).

İyunun 1-də qran-pri turnirinin püşkü də atılıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri məlum olub.

60 kq
Turan Bayramov – Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi
Rövşən Əliyev – Markus Auer (Avstriya)

66 kq
Yaşar Nəcəfov – Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi
Ruslan Paşayev – Martin Setz (Almaniya)

73 kq
İbrahim Əliyev – Abdulla Aliyev (Qırğızıstan)
Nurlan Osmanov – Vikas Dalal (Hindistan)

90 kq
Vüqar Talıbov – Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)
Elcan Hacıyev – Loris Tassiyer (Fransa)

+100 kq
Camal Qamzatxanov – Şakarmamad Mirmamadov (Tacikistan)

48 kq
Leyla Əliyeva – Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi
Könül Əliyeva – Andea Stoyadinov (Serbiya)

52 kq
Gültac Məmmədəliyeva – Paulina Martines (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi