Bu gün – sentyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş cüdo üzrə qran-pri turnirinə start verilib.
Arena.az xəbər verir ki, turnirin ilk günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxıb.
Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz qüvvəsini sınayıb.
Əhməd Yusifov (60 kq) ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini, 1/8 finalda isə belçikalı Olivier Naerti məğlub edib. Yusifov 1/4 finalda Lior Rafailovdan (İsrail) da üstün olub. Əhməd yarımfinalda komanda yoldaşı Turan Bayramovdan da üstün olaraq finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda Şerzod Davlatova (Qazaxıstan) uduzaraq, gümüş qazanıb.
Eyni çəki dərəcəsində (60 kq) mübarizə aparan Turan Bayramov 1/8 finalda Qabin Supervilldən (Fransa) güclü olub. Bayramov 1/4 finalda Daniel Leutgebə (Avstriya) də qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Əhməd Yusifova uduzan Turanın bürünc medal uğrunda görüşdə rəqibi Artem Lesyuk (Ukrayna) qalib gəlib.
66 kq-da çıxış edən Ruslan Paşayev 1/8 finalda Dani Klaçarı yolundan uzaqlaşdırıb. O 1/4 finalda irailli Eran Fiksdən də üstün olub. Ruslan yarımfinalda Maykl Frayerə (Böyük Britaniya) uduzub. Paşayev bürünc uğrunda Balint Qombasla (Macarıstan) güləşüb. Qələbə qazanan cüdoçumuz fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşviliyə uduzaraq mübarizəni dayandırıb.
Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib. Vəliyeva 1/4 finalda Roza Qyertyasla (Macarıstan) bacarmayıb. Aydan bürünc medal uğrunda təsəlliverici görüşdə Lapuerta Komasa qalib gəlib. Vəliyeva bürünc uğrunda görüşdə Tereza Bodnarovaya (Çexiya) uduzub.
Qeyd edək ki, cüdo yığmamız bu turnirdə 10 cüdoçu ilə təmsil olunur. Sentyabrın 15-dək davam edəcək qran-pridə 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparır.