Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək cüdo üzrə qran-pri turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, ölkəmiz yarışda qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.
Cüdoçular Rəşad Məmmədov (qadınlardan ibarət yığma), Elçin İsmayılov və Slavko Tekiçin (böyüklərdən ibarət yığma) rəhbərliyi altında çıxış edəcəklər.
Qadınların yarışında Aydan Vəliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zaməddin Poladov (81 kq) və Vüqar Talıbov (90 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Zaqreb qran prisinə sentyabrın 13-də start veriləcək. Ayın 15-nə qədər davam edəcək turnirdə 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.