Azərbaycanın cüdo üzrə gənclərdən və yeniyetmələrdən ibarət yığma komandalarının üzvləri beynəlxalq təlim-məşq toplanışlarına qatılıblar.
Arena.az xəbər verir ki, gənc cüdoçular 22-24 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət yığmasının 17 oğlan idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik ediblər.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Azərbaycanın yeniyetmə qızlardan ibərət milli komandasının üzvləri isə 22-24 mayda Polşanın Bielsko Biala şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq presesində yeniyetmə qızlardan ibarət milli yığma komandanın 6 üzvü iştirak edib.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik ediblər.
Təlim-məşq toplanışı iyun və avqust aylarında keçiriləcək yeniyetmələr arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.