Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan yarışa 15 idmançı ilə qatılıb. Bu gün onlardan yeddisi mübarizəyə qatılsa da, yalnız biri medal qazana bilib.
60 kq çəkidə mübarizə aparan Davud Məmmədsoy 1/16 finalda almaniyalı Mortis Plafkla qarşılaşıb və qələbə qazanıb. Növbəti görüşdə hindistanlı Vijay Yadavı məğlub edən cüdoçumuz yarımfinala vəsiqə uğrunda görüşdə Qusman Kırqızbayevə də qalib gəlib. Bu mərhələdə rusiyalı Ramazan Abdullayevdən də güclü olan idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda gürcüstanlı Temur Nozadzeni məğlub edib.
Bu çəkidəki digər təmsilçimiz Kəramət Hüseynov isə Eşli Makkenzi (Böyük Britaniya) ilə qarşılaşıb və “ippon”la uduzaraq mübarizəni erkən dayandırıb.
Nicat Şıxəlizadə (66 kq) 1/8 finalda Petr Jukovla (Rumıniya) qarşılaşıb və təmiz qələbə qazanıb. O, növbəti cəhddə qırğızıstanlı Te Arturu 36 saniyəyə məğlub edib. İdmançımız yarımfinala vəsiqə uğrunda görüşdə italiyalı Mattia Miçelə uduzub. Bununla belə, Nicat təsəlliverici görüşə qatılıb. Təəssüf ki, cüdoçumuz özbəkistanlı Mikruddin Tilovova yenilib və medalsız qalıb.
Nicatla eyni çəkidə yarışan Orxan Səfərov isə ilk görüşündəcə uduzub. O, İsrail cüdoçusu Amit Boboviçin ippon fəndi qarşısında aciz qalıb.
Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva ilk cəhdindəcə uğursuzluğa düçar olub. 1/16 finalda yerli idmançı Şira Rişoni həmyerlimiz üzərində təmiz qələbəyə sevinib. Aişə Qurbanlı isə ilk qarşılaşmasında Tamar Malkanı (İsrail) 1.25 dəqiqəyə ippona salsa da, növbəti cəhddə fransız Sirin Boukliyə uduzub.
52 kq-da Gültac Məmmədəliyeva turnirə qələbə ilə başlayıb. O,
1/16 finalda braziliyalı Eleudis Valentim ilə mübarizədə öncə vazari xalı qazanıb, ardından isə rəqibini “ippon”a salıb. Gültac 1/8 finalda fransız Astrido Gnetoya uduzub.