“Yuventus”un idman direktoru Kristiano Cuntoli klubun serb hücumçu Duşan Vlahoviçlə müqaviləsini yeniləmək istədiyini bildirib.
Arena.az xəbər verir ki, italyan mütəxəssis serb hücumçunun “qoca sinyora”ya böyük səmərə verəcək imkana malik olduğu fikrindədir:
“Duşan Vlahoviçin hələ də böyük perspektivləri və böyük imkanı var. Əminəm ki, Duşanla yeni müqavilə bağlayacağıq”, deyə Cuntoli inamla bildirib.
Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”da çıxışları ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 107 oyun, 43 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Vlahoviç “Yuventus”la 2023/2024-cü illər mövsümü İtaliya Kubokunun qalibi olub.
Duşan Vlahoviç 2020-ci ilin oktyabrında debüt etdiyi Serbiya yığmasının heyətində 30 oyuna 13 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.