Cüzeppe Barone vəfat etdi

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Fiorentina” klubunun baş direktoru Cüzeppe Barone vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Barone martın 17-də İtaliya A Seriyasının 29-cu turunun “Atalanta” ilə səfər oyunu üçün yollandığı Berqamo şəhərindəki otellərdən birində infarkt keçirmişdi. Dərhal xəstəxanaya çatdırılmış klub rəhbərinin həyatını xilas etmək üçün görülmüş tədbirlər nəticəsiz qalıb. Həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, baş direktorun səhhətində yaranmış gözlənilməz problemlə əlaqədar “Atalanta” – “Fiorentina” oyunu da təxirə salınmışdı. Qarşılaşma martın 17-də keçirilməli idi.

Cüzeppe Barone 2019-cu ildən “Fiorentina”ya rəhbərlik edirdi. ABŞ vətəndaşlığına da malik olan italyan iş adamı fəaliyyəti dövründə Florensiya klubunu xeyli gücləndirə bilmişdi.

57 yaşında dünyasını dəyişən Co Baronenin miras qoyduğu komanda hazırda A Seriyasında 28 oyuna topladığı 43 xalla 7-ci pillədə qərarlaşıb.