“İnter”in prezidenti Cüzeppe Marotta hesab edir ki, “Atalanta” cari mövsüm İtaliya A Seriyasını qazanmağa əsas namizədlərdən biridir.
Arena.az “Football Italia” nəşrinə istinadən, Marottanın bu barədə fikrini təqdim edir:
“Fərqli xasiyyətlərə malik komandalar var, amma “Atalanta” indi qalibiyyət ruhunu tapıb və bu, heç də asan məsələ deyil. Onlar mövsüm boyu qarşılaşacaqları təzyiqin öhdəsindən mütləq gələcəklər.
Onlar dovşan, biz isə ovçuyuq. Əminəm ki, onlar skudettoya əsas namizədlər sırasındadırlar”, deyə Cüzeppe Marotta bildirib.
Xatırladaq ki, “Atalanta” tarixində ilk dəfə İtaliya A Seriyasında ardıcıl 10 qələbə qazanıb və hazırda 16 oyundan 37 xalla yarış cədvəlinə başçılıq edir. “İnter” isə 15 oyundan 34 xalla 3-cü pillədən “Atalanta”nı daban-daban təqib edir və mümkün lider adına şərikdir.